18:00 2020.07.30

ABŞ-ın ikili standartlara əsaslanan siyasəti davam edir

ABŞ-ın nüfuzlu "New York Times" qəzetinin 28 iyul 2020-ci il tarixli nömrəsində Nyu York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətdə aparılması ilə bağlı məqalə dərc olunmuşdur. Məqaləyə əsasən, Nyu York şəhərində təşkil olunan mitinqdə əksəriyyəti mülki geyimdə olan polislər nümayişçilərə aqressiv şəkildə müdaxilə etmiş, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparmışlar. Polis saxlanan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bunlarla bağlı dəlilər təqdim etməmişdir. Məsələ ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olmuşdur.

Maraqlıdır ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı Azərbaycanın hüquq - mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ - da anti - Azərbaycan dairələr tərəfindən təmamilə əks yöndə təqdim edilir. Bu qüvvələrin nəzarətində olan KİV və QHT- lər hər fürsətdə Azərbaycan hakimiyyətini sərt tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar yayırlar. Halbuki, ABŞ-ın daxilində vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə, ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi. Minneapolis və yaxınlıqdakı Sent Pol şəhərində baş verən etiraz nümayişlərini işıqlandırmaq məqsədi ilə zorakılıqların baş verdiyi yerlərə gedən müxbirlər bədən xəsarəti almışlar. Los Anjiles Times-in müxbiri rezin güllələrə tuş gəldiyi və fərqinə varmadan jurnalistlərə qarşı gözyaşardıcı qazlardan istifadə edildiyi haqqda məlumat yaymışdır. Polis tərəfindən CNN jurnalistləri də daxil olmaqla bir neçə müxbir həbs olunmuşdur.

Əslində, bu cür hallar ABŞ-da demək olar ki, hər gün baş verir. Ancaq azərbaycan atalar sözündə deyildiyi kimi öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarırlar. Öz ölkələrində demokratiyanı bərqərar edə bilməyən, insan hüquqlarını təmin edə bilməyən, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilməyən Amerika başqalarına demokratiya, insan hüquqları, hüquqi dövlət haqqında mühazirələr söyləyir, yol göstərirlər.

Bütün bunlar göstərir ki, ABŞ başda olmaqla qərbin aparıcı dövlətləri ikili standartlar siyasətlərini həyata keçirdirlər. Amerika həmişə öz maraqlarını demokratiyadan üstün tutub. Uzun illərdir ki, ABŞ işğalçı Ermənistanı müdafiə edir, ona maliyyə yardımı göstərir. Konkret məsələlər üzrə siyasi lobbiçiliyini əsrgəmir. Bu ölkədə baş verən korrupsiya, özbaşnalıq, insan haqlarının kütləvi şəkildə pozulması, 300 mindən çox azərbaycanlıların Ermənistandan, öz ata-baba torpaqlarından deportasiya olunması halları haqqında Vaşinqton hələdə susur. Azərbaycana gəldikdə isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, heç kimdən aslı olmayan siyasətin yeridilməsi Amerikanı razı salmır.

Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə müsəlman dövlətlərinə qarşı ABŞ-ın ikili standart siyasəti yürütdüyü açıq-aydın görünür. 2003-2011-ci ilərdə ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra bu ölkə hələdə özünə gələ bilmir. Suriya və Liviya sonu görünməyən böhrana düşüb, Əfqanıstanda uzun illərdir vətəndaş müharibəsi davam edir. Türkiyənin sürətli, hərtərəfli inkişafı təkcə Amerikanı deyil, həmdə qərbin aparıcı dövlətlərini narahat edir.

Amerika öz ikili standartlara əsaslanan siyasətini həyata keçirtməkdə davam edir və öz maraqlarını qorumaq üçün hər cür addımlar atır.

Dünyada baş verən bütün bu çətinliklərə, Qərbin aparıcı dövlətlərinin həyata keçirdiyi ikili standartlara əsaslanan siyəsətə baxmayaraq, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən müstəqil dövlət siyasətini davam etdirəcək və Azərbaycan bu istiqamətdə uğurlu inkişafını təmin edəcək.

Rauf Əliyev
Milli Məclisin deputatı

Trend

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: