09:30 2020.07.08

Afrikada COVİD-19-a yoluxanların sayı 500 min nəfərə yaxınlaşır

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrika qitəsində COVİD-19-a yoluxanların sayı 497 min nəfərdən çoxdur, 12 minə yaxın insan isə vəfat edib. Rəsmi statistik rəqəmlərə baxmayaraq, analitiklər bu qitədə pandemiyanın daha ağır nəticələrinin olduğu qənaətindədirlər.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, son 100 gün ərzində Afrika ölkələrində yeni növ koronavirusa 100 min nəfərdən çox insan yoluxub, yaxın 18 gündə isə bu rəqəm iki dəfədən çox artıb. Somali, Nigeriya kimi ölkələr isə pandemiya ilə yanaşı, quraqlıq fəlakəti ilə də üzləşib. Qeyd olunub ki, iyunun sonunda yoluxma hallarının 60 faizi Cənubi Afrika və Misirin payına düşüb. İyulun ilk günlərində isə pandemiyanın ən çox yayıldığı ölkə Nigeriya və Mavritaniya olub.

ÜST-nin məlumatında qeyd olunub ki, Afrikada yeni növ koronavirusdan vəfat edənlərin sayının az olması bu qitədə əhalinin 60 faizinin 25 yaşınadək gənclərin təşkil etməsidir. Ən aşağı insan itkiləri Çad, Əlcəzair, Niger və Malidə qeydə alınıb. Bəzi ölkələrdə səhiyyə sisteminin bərbad olması səbəbindən yoluxma və ölüm statistikası dəqiq aparılmır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: