12:00 2020.09.25

Düşmən özünü qırğına verir - Yeni Qarabağ savaşı

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirildi. Prezident İlham Əliyev Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxış edib. Prezident rəsmi İrəvanın Azərbaycanın işğal altında olan torpaqlarına terrorçuların köçürülməsi faktını dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçuları Azərbaycan torpaqlarına gətirərək, onlardan Azərbaycana qarşı istifadə etdiklərini diqqətə çatıdırıb. "Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var", - Prezident deyib.

Dövlət başçısı bildirib ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir. Və beləcə, İrəvanda, digər şəhərlərində terrorçulara heykəllər yüksəldib, terror qurbanlarını, faşizm qurbanlarını yox, faşistlərlə terrorçuları sayğı ilə yad edən, onları bütləşdirərək özlərinin milli qəhrəmanları kimi təqdim edən Ermənistan hakimiyyəti növbəti dəfə dünyanın ən nüfuzlu təşkilatlarından birinin sessiyasında ifşa edildi.

Faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilən Ermənistandakı diktatura rejimi də Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı çıxışında xüsusilə qeyd edildi. Prezident İlham Əliyev çıxışı zamanı diqqəti təxminən 2 il əvvəl hakimiyyətə göyərçin uçura-uçura gələn Nikol Paşinyanın ölkədəki quzğun mövqeyinə yönəldib. Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistanın dərin demoqrafik, sosial və iqtisadi böhranla qarşılaşmaqda davam etdiyini bəyan edən Prezident İlham Əliyev çıxışının ardında Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş verməsinə baxmayaraq, uğursuz dövlətin faşist ideologiyasın dəyişməz qaldığını bildirib.

Prezident deyib ki, Ermənistanda insan hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edilir. Ermənistanda faktiki olaraq diktatura qurulub. Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Toxunulmazlığa sahib olmaqlarına baxmayaraq, parlament deputatları saxlanılır.

Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölüb. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. "Human Rights Watch", "Amnesty International", "Freedom House" və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.

Bu ölkədə siyasi münasibətlər böhran həddinə çatıb. Ölkə 20 ildən artıq idi ki, səhra komandirləri tərəfindən idarə olunurdu. Hazırkı siyasi rəhbərlik isə əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır.

Təhməz Əsədov
Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: