22:30 2020.07.08

Koronavirus səbəbindən dünyada doyunca yeməyən insanların sayı 1 milyard nəfər arta bilər

Koronavirus pandemiyası nəticəsində Yer kürəsində doyunca yeməyən insanların sayı 1 milyard nəfər arta bilər.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Almaniyanın "Deutsche Welthungerhilfe" (Dünyada aclıq çəkənlərə yardım) adlı xeyriyyə təşkilatının illik məruzəsində dərc edilib.

Məruzədə deyilir ki, pandemiya iqlim dəyişmələri, quraqlıq, silahlı münaqişələr və sağlamlığın mühafizəsi sistemlərindəki səhvlər kimi problemləri daha da kəskinləşdirib. Bu təşkilatda narahatlıq keçirirlər ki, planetin əhalisinin yoxsul təbəqələri əvvəlkindən də pis vəziyyətə düşəcəklər. Aclığın geniş yayılmasının əsas səbəbi iqlim dəyişmələri - anomal istilik, quraqlıq, havaların kəskin soyuması və daşqınlardır.

Koronavirus bu mürəkkəb problemləri daha da kəskinləşdirib, ona görə ki, pandemiya səbəbindən tətbiq edilən nəqliyyat və ticarət məhdudiyyətləri dünyada yoxsulluq səviyyəsini daha da artırıb. Bu səbəbdən aclıq çəkənlərin sayı yaxın vaxtlarda kəskin şəkildə arta bilər. Keçid iqtisadiyyatı ölkələri və inkişaf etməkdə olan dövlətlər bu problemlərin öhdəsindən gələ bilməyəcəklər. Hazırda dünya əhalisinin 11 faizi - yəni 1 milyarda yaxın insan aclıq çəkir. Məruzədə göstərilir ki, pandemiya nəticəsində bu rəqəm ikiqat arta bilər.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: