"Deyirlər nə qədər ki, əmlaklar bizə çatmayıb..."

11:24, 2017-02-16


Müəmmalı iş adamı Gülağa Qəmbərovun neçə ad-soyad daşıdığı açıqlandı

“Real MTK”-nın keçmiş təsisçisi, iş adamı İlham Səfəralı oğlu Qasımovun qalmaqallı həbsinin səbəbləri ilə bağlı yeni faktlar, məlumatlar ortaya çıxmaqdadır. İş adamının yaxınlarının media vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, həmçinin mətbuata ünvanladıqları müraciətlərdə qeyd olunan sensasiyalı məlumatlar, iddialar İlham Qasımovun həbsinin heç də ictimaiyyətə açıqlanan, ittiham aktında göstərilən səbəblərlə bağlı olmadığını düşünməyə əsas verir.

Xatırladaq ki, ötən il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımovun anasının, bacısının və vəkilinin saytımızda da dərc olunan müraciətlərində iş adamına qarşı həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıq edildiyi, onun sifarişlə həbsə alındığı bildirilir. Onlar adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçən İ.Qasımovun heç bir günahı olmadığı halda həbsə alınmasını bu həbsin sifarişçilərinin iş adamının bütün əmlakını ələ keçirmək niyyətiylə bağlayırlar.

Sifarişçilərin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov və onun biznes şəriki, iş adamı Gülağa Tənha olduğu iddia edilir. Məhkəmə prosesinə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.

Bu haqda mətbutda, o cümlədən saytımızda geniş yazılar dərc olunduğundan, təkrarlamaq niyyətində deyilik. Ancaq qeyd edək ki, iş adamı İlham Qasımovun anası Hacı Gözəl Cəfərovanın mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə və ictimaiyyətinə ünvanlanan son müraciətində adı müxtəlif qalmaqallarda hallanan müəmmalı iş adamı – şair Gülağa Qəmbərovla (Tənha) bağlı bir sıra ciddi ittihamlar səsləndirilmişdi (bax: MÜƏMMALI MİLYONÇU İLƏ BAĞLI ŞOK İTTİHAMLAR!-müəl.).

Hacı Gözəl Cəfərova əsasən Rusiyada fəaliyyət göstərən Gülağa Qəmbərovu oğlunun həbsinin sifarişçilərindən biri olmaqda ittiham etməklə yanaşı, onun keçmişi və əlaqələri ilə bağlı da ciddi açıqlamalarla çıxış etmişdi.

Gülağa Qəmbərovu (Tənha) “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətə qarşı çıxan, müstəqil dövlət quruculuğuna mane olmağa çalışan “OMON” adlı bir qurumun maliyyələşdiricisi” kimi təqdim edən G.Cəfərova, onun bir sıra Kütləvi İnformasiya Vasitələrində iş adamı İ.Qasımova, ailə üzvlərinə və vəkillərinə şər-böhtan atdığını bildirmişdi.

Bu ittihamlarla bağlı “AzPolitika.info”ya müraciət edən G.Qəmbərov yaxın dostu, Hərbi Polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmovun mövqeyini dərc etməyi xahiş etmişdi. Saytımıza müsahibə verən Rövşən Məhərrəmov isə G.Qəmbərovla bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Bununla bağlı İlham Qasımovun anası Hacı Gözəl Cəfərova yenidən “AzPolitika.info”ya müraciət edərək, saytımız vasitəsi ilə ölkə rəhbərliyinə və ictimaiyyətə yeni müraciət ünvanlayıb.

Ölkə Prezidenti İlham Əliyevə, surəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Milli Məclisin sədri Oktay Əsədova, PA -nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri İman Nağıyevə ünvanlanan müraciətdə həbsdəki iş adamının anası general Müqəddəs Sultanov və iş adamı Gülağa Qəmbərova qarşı bir sıra yeni ittihamlar irəli sürüb.

Həmin müraciəti, bəri başdan qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bir daha bəyan etməklə, olduğu kimi təqdim edirik:

“General və iş adamı oğlumun ailəsinə hər gün bir acı xəbər göndərirlər”

“Möhtərəm Prezident!

Hörmətli dövlət orqanlarının rəhbərləri, dəyərli media nümayəndələri!


Sizlərə müraciət etməkdə məqsədim oğlumla ortaq olan general Müqəddəs Sultanovun və Gülağa Qəmbərovun son zamanlar başımıza gətirdikləri müsibətlər, məmur zorakılıqları barədə məlumat verməkdir.

Bəzi məmurlar və himayə olunan iş adamları hələ də dövlətimizin qanunlarını, çox hörmətli Prezidentmizin sərəncam və qərarlarını pozmaqdan, öz maraqlarına uyğun şəkildə istifadə etməkdən çəkinmirlər. Belə məmurlardan biri də Azərbaycan Respublikası Baş Prokurorluğu Təşkilat-Analitik İdarəsinın rəisi general Müqəddəs Hətəm oğlu Sultanovdur.

Bir müddət ölkədən başqa adla qaçıb gizlənən, sonradan sabiq MTN naziri Eldar Mahmudovun və Müqəddəs Sultanov kimi generalların dəstəyi ilə resbublikaya qayıdaraq, “qara əməllərlə” məşğul olan, Azərbaycan və Rusiyada 4 müxtəlif soyad, ad və ata adı ilə fəaliyyət göstərən Gülağa Məmi Oğlu Qəmbərov isə himayədarları sayəsində qanunları pozan iş adamlarındandır.

Adlarını çəkdiyim bu iki şəxsin sifarişi ilə oğlum, sahibkar İlham Qasımov şərlənərək heç bir cinayət tərkibi olmadığı halda 15 il azadlıqdan məhrum etmə cəzasına məruz qalıb. Bizim düçar olduğumuz faciə demək olar ki, nəinki ictimaiyyətə, hətta bütün dövlət qurumlarına bəllidir. Düşünülməmiş səhv addımların acı nəticələri insan həyatına son qoyur.

General M.Sultanov məqsədli şəkildə G.Qəmbərovla birləşərək oğlum, sahibkar İlham Qasımovla ortaq olublar. Bu ortaqlıqda onların məqsədi qeyri-qanuni yollarla yüksək məbləğdə pul qazanmaq, var-dövlətimizi əlimizdən almaq, oğlumun bütün tikinti sektorunu ələ keçirmək olub. Elə bu məqsədləri üçün də öz səlahiyyətlərindən, imkanlarından sui-istifadə edərək oğlumun həbsini təşkil ediblər.

Ancaq oğlumu həbsə aldırsalar da, general M.Sultanov və G.Qəmbərov hələ də öz qara fikirlərindən dönməyiblər. Heç bir cinayət tərkibi olmadan həbsdə olan oğlum İ.Qasımovun ailəsinə demək olar ki, hər gün bir acı xəbər göndərirlər. Gələn bu xəbərlər və sifarişlər artıq bizləri sözün həqiq mənasında “boğaza yığıb”. General M.Sultanovun və havadarı G.Qəmbərovun bizlərdən tələb etdiyi yüksək məbləğ ancaq Mərkəzi Bankda ola bilər. Söyləyirlər ki, nə qədər həmin yüksək məbləğ bizə verilməyib, biz İlhamın azad olunmasına imkan verməyəcəyik.

“Gülağa Qəmbərov ailəmizi hədələyir”

Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində general Müqəddəs Sultanovun xalası oğlu, hakim Zeynal Ağayevin oğluma qanunsuz 15 il hökm oxumasının da onların xüsusi tapşırığı ilə baş verdiyini açıq şəkildə bildirməkdən çəkinmirlər. Azərbaycan qanunlarına zidd olan həmin qərarı çıxartdırmaqla bizim ailənin, hətta qohum-əqrəbanın bütün əmlakını onlara verməyə vadar etmək istəyirlər. Hazırda həmin cinayət işi Bakı Apellyasiya Məkəməsinə baxılması üçün verilmişdir. İndi isə general M.Sultanov və havadarlıq etdiyi G.Qəmbərov bizlərə sifarişlər göndərirlər. Bildirirlər ki, Apellyasiya Məhkəməsinə tapşıraraq, İlhama 18 il hökm verdirəcəklər.

“Sonda Ali Məhkəməyə versəniz, 20 il həbs verdirəcəyik. Nə qədər ki, bizim tələb etdiyimiz məbləğ və əmlaklar bizə çatmayıb, İlhamı həbsxanada məhv edəcəyik!” deyə, Gülağa Qəmbərov ailəmizi hədələyir”.

İş adamının anası müraciətinidə daha sonra Gülağa Qəmbərovla bağlı bəzi faktları açıqlayır:

“Sifarişli həbslə haqqı-ədaləti ayaq altına alanlar isə bu gün də öz əməllərindən utanmadan əl çəkmirlər. Ancaq düşünürük ki, bəzi məmur əlinin uzunluğu nə qədər ki, “kəsilməyib”, biz bu çətinlikləri yaşamaq məcburiyyətində qalacağıq. General M.Sultanov vəzifəsindən sui-istifadə edərək vaxtı ilə vətənimizə və xalqımıza qarşı çıxan, Ulu Öndər, Ümummilli liderimiz Heydər Əliyevin siyasətinə və müstəqil dövlət quruculuğuna mane olan “OMON” adlı bir qurumu maliyyələşdirən, dörd soyad, ad və ata adı daşıyan, dörd pasport gəzdirən, milliyətini dəyişən Gülağa Məmi oğlu Qəmbərova havadarlıq edərək, onun Azərbaycanda fəaliyyət göstərməsinə dəstək olub.

Gülağa Qəmbərov hansı adlar altında fəaliyyət göstərir?

Diqqət edin, görün özünü xeyriyyəçi kimi təqdim edən Gülağa Məmi oğlu Qəmbərov hansı adlar altında fəaliyyət göstərib.

1-ci adı: Gülağa Məmi oğlu Qəmbərovdur.

2-ci adını G.Qəmbərovun dostu, polkovnik Rövşən Məhərrəmov “AzPolitika.info” saytına müsahibəsində söyləyib. Onun dediyinə görə, G.Qəmbərov, 1987-ci ildə Moskva şəhərində SSRİ Ticarət Nazirliyində vəzifəyə təyin olunarkən, adı və soyadı ilə bağlı ciddi problem yaşayıb. Məhz bu səbəbdən Gülağanın rəsmi sənədlərdə adı və atasının adı dəyişdirilərək “Qəmbərov Albert Mixailoviç” yazılıb. Təəccüblüdür, deyilmi?

3-cü adı: Qəmbərov Albert Mamamedoviçdir.

4-cü adı: Albert Mixailoviç Umarovdur.

Rusiyada, Moskva şəhərində minlərlə Azərbaycanlı soydaşımız müxtəlif yüksək vəzifələrdə işləyib və yüksək pillələrə qədər gedib çıxıblar. Amma bu insanların heç biri vəzifəyə görə öz adını və atasının adını dəyişməyib. Çünki onlar öz millətini, dinini, vətənini vəzifədən də uca tutublar. Gülağa Qəmbərov isə nəinki adını, hətta atasının adını belə dəyişdirib. Bu saxtakarlıq deyil, nədir?

Tutaq ki, öz adını dəyişdirir. Hansı qanun ona atasının da adını dəyişdirməyə, saxta ata adı və soyad götürməyə icazə verir?

Hələ bu saxtakarlıq azmış kimi, Azərbaycanımızda təmiz ölkə vətəndaşlarını şərləyərək həbs etdirir. General M.Sultanov isə onun bu hərəkətlərini dəstəkləyərək, qohumu, hakim Z.Ağayevlə birləşib qeyri-qanuni hökm oxuyublar”.

“Sahib İbrahimovun saxta möhürlə 100-lərlə eyni mənzili bir-neçə şəxsə satmasının qarşısını oğlum alıb”

Hacı Gözəl Cəfərova müraciətinin növbəti hissəsində oğlu İlham Qasımovla bağlı səslənən ittihamların iftira olduğunu bəyan edir: “Bəzi mətbuat orqanları kimlərinsə sifarişi ilə təsdiqini tapmayan yanlış fikirlərlə oğlum, sahibkar İ.Qasımovu minlərlə insanı aldatmaqda ittiham edirlər ki, bu da ağ yalandır.

Həqqiqət isə tam başqadır. Bilmək istəyirsinizsə, İ.Qasımov yox, Sahib İbrahimov (Diaspora Komitəsinin sədri Nazim İbrahimovun qardaşı-müəl.) saxta möhürlə 100-lərlə eyni mənzili bir-neçə şəxsə satıb. Məhz onun bu əməlinin, yüzlərlə vətəndaşı aldatmasının, bir mənzili 3 şəxsə satmasının qarşısı oğlum İ.Qasımovun şıkayəti əsasında alınmış, minlərlə insanın evlərinin qaytarılması təmin edilmişdir.

Bir faktı da qeyd edim ki, ortaqlar, yəni general M.Sultanov və G.Qəmbərovun tələb etdikləri pullar təyinatı üzrə – tikinti üçün xərclənib. Həmin pullarla bağlı iddiaya Bakı Apellyasiya Məhkəməsində mülki qaydada baxılaraq, İlham Qasımov tərəfindən mənimsənilmədiyi öz təsdiqini tapmışdır. İ.Qasımovun həmin tikintini aparan şirkətdə hec bir rəhbər vəzifə tutmadığı, təsisçi, direktor olmaması da öz hüquqi təsdiqini tapmışdır.

Odur ki, İ.Qasımovun 15 il həbsə alınması qanunsuzdur və o, bununla barışmaq niyyətində deyil. Hec bir cinayət tərkibi olmadığı halda haqsız həbsə alınması ilə heç kim razılaşmaz.

“Hakim Zeynal Ağayev deyir ki, mənə verilən xüsusi tapşırığı icra etmişəm”

Ancaq oğlumla bağlı ədalətin təmin olunmasına hakim Zeynal Ağayev, general M.Sultanov və G.Qəmbərov imkan vermirlər.

General M.Sultanovun yaxın qohumu, hakim Zeynal Ağayev oxuduğu 15 il qanunsuz hökm haqqında belə söyləyib: “Mən o qədər də vicdanımı itirməmişəm, mənə verilən xüsusi tapşırığı icra etmişəm”.

Müdriklərin söylədiyinə görə, “Hakim danışan qanundur”. Ancaq hakim Z.Ağayev sifarişləri icra edən hakimdir. Budur hakimin xüsusi tapşırıqla insan həyatını ucuz tutaraq oxuduğu hökm. Necə ola bilər ki, bir neçə insanın həyatını qəsdən məhv edən, öldürərək bitirən bir cinayətkara da 10-15 il həbs verirlər, heç bir cinayəti sübuta yetirilməyən, günahsız oğlum İ.Qasımov da 15 il müddətinə azadlıqdan məhrum edilir?

“Öz qeyri-qanuni hərəkətləri ilə bizləri qorxuya salırlar”

General M.Sultanov özü qanun keşiyində duran məmur olduğu halda, həm özü qanunları pozur, həm də G.Qəmbərov kimi qanunsuz hərəkət edən insanları himayə edir. Onun respublikamızda qanunsuz işlərlə məşğul olması üçün şərait yaradır. M.Sultanov Baş Prokurorluğun idarə rəisi olduğu halda, özəl tikinti sektorunda oğlumla iş ortağıdır. Bunun özü də qanunsuzluqdur.

Ancaq bu azmış kimi oğlumu həbs etdirərək, ailəmizin əmlakını ələ keçirmək istəyirlər. Belə çıxır ki, dövlət məmuru, general M.Sultanov və böyük iddialarda olan G.Qəmbərov öz imkanlarından “qara əməlləri” üçün istifadə edirlər. Onların bu əməlləri isə böyük bir ailənin facəsinə səbəb olmaqdadır.

Artıq övladlarımız, ailə üzvlərimiz azad Azərbaycanımızda qorxu altında yaşayır. Çünki general Müqəddəs Sultanov və Gülağa Mixailoviç qanunlarımıza qarşı çıxdıqlarına görə öz qeyri-qanuni hərəkətləri ilə bizləri qorxuya salırlar.
Ancaq biz Azərbaycanımızın ali qanunlarına və cənab İlham Əliyevin verdiyi tapşırıqlara inanırıq və ümid edirik.

Möhtərəm Prezidentimiz İlham Əliyev! Hörmətli dövlət məmurları və media nümayəndələri!

Sizlərə bir ağbircək ana kimi müraciət edirəm. Sizlərdən general M.Sultanovun və böyük xəyalarla irəliləmək istəyən Gülağa Qəmbərovun böyük bir azərbaycanlı ailəsinin başına gətirdikləri faciədən bizləri xilas etməyinizi xahiş edirəm.

Onların, heç bir cinayəti olmadığı halda, sifarişlə 15 il həbs cəzasına məruz qoyduqları oğlum İlham Qasımovun azadlığa çıxmasına yardım etməyinizi xahiş edirəm”.

AzPolitika.info





Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə