Lerikdə və Qubada qar uçqunlarının fəsadları aradan qaldırıldı

16:46, 2017-02-17


Ötən gecədən yağan güclü qar Azərbaycanın bəzi ucqar dağ kəndlərində problemlər yaradıb. Respublikanın cənub və şimal rayonlarının kənd yolları buz bağladığından nəqliyyatın hərəkəti çətinləşib, bəzi ərazilərdə qar uçqunu rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqənin kəsilməsinə səbəb olub.

Virtualaz.org hazırda həmin ərazilərdə vəziyyətin nə yerdə olduğunu araşdırıb.

Lerik Rayon İcra hakimiyyəti başçısının birinci müavini Habil Məlikovun verdiyi məlumata görə, hazırda rayonun ucqar dağ kəndləri ilə əlaqə bərpa olunur, qarın yaratdığı fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub:

“Bizim rayon ərazisində qar uçqunu olmayıb. Sadəcə olaraq, qar çox yağıb, bəzi yerlərdə qarın hündürlüyü 1 metr, bəzi ərazilərdə isə 1.20 metrdən də yuxarıdır. Ayr-ayrı ərazilərdə yollar bağlanıb, avtomobillərin gediş-gəlişi dayanıb.

Amma hazırda qar səngiyib və hava da mülayimləşib. Biz 52 saylı Yol-İstismar İdarəsinin iki qreyderi və 1 ekskavatorunun xidməti ilə qarı təmizləməyə çalışırıq. Bundan başqa, kənd camaatı bələdiyyələrlə birgə yığışıb kənddaxili yolları təmizləyirlər.

Avtomobillərin hərəkəti qismən bərpa olunub. Əhalinin çox istifadə etdiyi yollarda texnikalar işləyir. Kəndarası yollarda isə problemlər qalmaqdadır”.

Hazırda həmin ərazilərin enerli ilə bərpası üçün də iş aparılır.

Qar uçqunu baş vermiş Quba-Xınalıq yolunda da günorta saatlarında hərəkət bərpa olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb.

Qeyd edək ki, bu gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində baş verən qar uçqunu nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşmış, Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilmişdi.

Gülnar Əliyeva



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə