Məmur xanımlar geyim xərclərini açıqladılar

16:35, 2017-02-16


Xanımların, özəlliklə dövlət işində işləyən xanımların geyim tərzi hər zaman diqqət mərkəzində olur.

Çünki aktiv həyat tərzi keçirdikləri üçün daim gündəmdə olurlar.

Bəs, görəsən, məmur xanımlar dəbi izləyirlərmi? Brendlərə münasibətləri necədir?
 
Milli.Az lent.az-a istinadən bildirir ki, Millət vəkili Qənirə Paşayeva brend xəstəliyinə qarşı olan xanımlardandır: "Bunların hamısını artıq xərclənən pullar hesab edirəm. Mən şəxsən almıram. Çünki o qədər bahalı markalara, birincisi, mənim imkanım yoxdur. Amma olanda da almıram. Həmin cür geyimi orta markadan da almaq olar. Artıq qalacaq pulu kasıb uşağın oxumasına, təhsilinə, inkişafına, əməliyyatına, yəni imkanları zəif insanlara dəstək üçün xərcləmək olar".
 
Qənirə xanımın qarderobunda illər əvvəl alınmış geyimlər, çantalar var: "Mənim elə əlbisələrim var ki, 20 ildir məndədir. Televiziyada çalışdığım zamandan çantam var. Nə olsun ki? Bunu mən zəhmətimlə almışam, min bir çətinliklə almışam. O, mənim qarderobumda durur. Ona görə də mənim qarderobum zəngin görünür. Əsasən endirim dönəmindən yararlanıram. Buradan heç nə almıram. Çünki çox bahadır. Türkiyədən alış-veriş edirəm. Desəm ki, 1000 manata paltar almamışam, bəlkə də inanmayacaqlar, amma bu belədir. Bu qiymətə nə paltar, nə də ayaqqabı almışam. 600-700 manat vermişəm, daha çox üst geyimlərinə. Nə almışamsa, əgər geyimdirsə, 500 manatdan aşağı olub, üst geyimdirsə, o isə 1000 manatdan aşağıdır".
 
Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva da dəb arxasınca qalmır. O hesab edir ki, məmur xanım geyim tərzinə xüsusi fikir verməlidir. Dəbdə olan geyimlər çox zaman onlara uyğun olmur: "Əslində, mən mənə yaraşana üstünlük verirəm. Ola bilər ki, dəbdə elə bir trendlər, müəyyən çalarlar olsun ki, iş xanımının, yaxud da ictimaiyyətdə mövqeyi olan bir insanın dəbinə, ümumi gündəlik rejiminə uyğun olmasın".
 
Aytac Əliyeva modelyerlərə nadir hallarda müraciət edir: "Yerli istehsal olan və zövqümü oxşayan geyimlər olanda üstünlük verirəm. Amma, ümumiyyətlə, Türkiyədə istehsal olunan əlbisələrə diqqət yetirirəm. Müəyyən seçimlər edəndə modelyerlərin şəxsən deyil, ümumi mövsüm üçün fikirlərinə diqqət edirəm, amma üzərimdə xüsusi işləyən imicmeyker yoxdur. İşimə uyğun imicmeykerliyimi özüm edirəm".
 
Deyirlər ki, insanı geyiminə görə qarşılayıb davranışına görə yola salarlar. Brend paltarlar geyinib-geyinməməyinizdən asılı olmayaraq, çalışın rəftarınız gözəl olsun!



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə