Qan xərçəngi - Simptomlar və müalicə

21:56, 2017-02-17


El arasında "qan xərçəngi" kimi tanınan bədxassəli xəstəlik əslində bir deyil, bir neçə xəstəlikdir. Qan xərçəngi nadir onkoloji xəstəliklərdən biri sayılır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qan xərçənginin ən yayılmış forması leykozdur. Leykoz zamanı yeni qan hüceyrələrini istehsal edən sümük iliyi zədələnir. Əsas qanyaratma orqanı olan sümük iliyi sümüklərin daxilində yerləşir. Qan hüceyrələri (eritrositlər, leykositlər, trombositlər) müəyyən müddət ərzində yaşayır və öz funksiyalarını yerinə yetirir, daha sonra onlar ölür və yeniləri ilə əvəz olunur.

Qan xərçəngi zamanı sümük iliyində sona qədər yetişməmiş qan hüceyrələri (xərçəng hüceyrələri) inkişaf edir. Bu hüceyrələr qan axını ilə orqanizm boyu yayılır. Tam inkişaf etməmiş qan hüceyrələri öz funksiyalarını tam şəkildə yerinə yetirə bilmir ki, bu da müxtəlif pozulmaların inkişafına səbəb olur. Həmçinin bu hüceyrələr çox sürətlə bölünür, artır və nəticədə sağlam qan və sümük iliyi hüceyrələrini sıxışdıraraq onları əvəz edir.
Leykoz əsasən 3-4 yaşlarında olan uşaqlarda və yaşlı insanlarda (60 yaşdan sonra) inkişaf edir. Xəstəliyin səbəbi dəqiq məlum deyil. Belə hesab olunur ki, şüalanma, kanserogenlər (bəzi dərman preparatları, kimyəvi maddələr və s.), bəzi viruslar, irsiyyət qan xərçənginin inkişafına təkan verə bilər.
Leykoz tədricən inkişaf edir. Xəstəliyin başlanğıcından onun ilk əlamətlərinin meydana çıxmasına qədər təxminən 1,5-2 ay keçir.
Leykozun ilk simptomları:
- yorğunluq
- zəiflik
- iştahaızlıq
- hərarətin "səbəbsiz" artması.

Xəstəlik inkişaf etdikcə xəstənin ayaqlarında və onurğa sütununda ağrılar meydana çıxır, onun dərisi avazıyır, ağır qanaxmalar inkişaf edir, bədənində göyərmiş sahələr qeyd edilir, qaraciyər, dalaq və limfa düyünləri böyüyür.

Diaqnostika

Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qan analizi zamanı qanda tam yetişməmiş hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam insanın qanında belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur.

Müalicə

Leykoz xəstəliyinin müalicəsi xüsusi dərman preparatların köməyi ilə həyata keçirilir. Bəzi hallarda şüalanma istifadə olunur. Konservativ müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur.

Bu əməliyyat donorun sağlamlığı üçün təhlükəsizdir. Xəstəyə uyğun gələn donoru adətən doğma qardaş və bacılar arasında axtarırlar. Bu nəticə vermədikdə ümumdünya məlumat bankına müraciət olunur.

Proqnoz

Uşaqlarda böyüklərlə müqayisədə bu xəstəlik daha yaxşı müalicə olunur və uşağın tam sağalması ilə nəticələnir. Böyüklərdə bu proses daha çətin gedir.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə