10:30 2020.03.07

Azərbaycan Belarusda birja ticarətində maraqlıdır

Belarus Universal Əmtəə Birjası və Azərbaycanın Belarusdakı səfirliyi birja ticarətinə Azərbaycan biznesinin cəlb olunması istiqamətində səylərini birləşdirir.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bu barədə BELTA agentliyinə Belarus Universal Əmtəə Birjasının mətbuat xidmətindən bildiriblər.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov birjanın ofisini ziyarət zamanı vurğulayıb:

"Səfirliyin əsas vəzifələrindən biri ölkələr arasında ticari-iqtisadi münasibətlərin inkişafına yardım göstərməkdir. Bu, istər Belarus mallarının Azərbaycana tədarükünə, istərsə də Azərbaycan müəssisələrinin məhsullarına aiddir. Birja ticarəti əhəmiyyətli potensiala malikdir: o, xarici ölkələrdə işgüzar tərəfdaşlar axtarmaq zərurətini aradan qaldırır və ən mühümü, istehsalçı ilə son istehlakçı arasında birbaşa əlaqəni təmin edir. Buna görə də biz Azərbaycan biznesinin nümayəndələrini Belarus Universal Əmtəə Birjası ilə birgə birja məkanının imkanları barədə məlumatlandırmağa və bu mexanizmdən istifadəni tövsiyə etməyə hazırıq. Xüsusən ona görə ki, birja bazarlarına çıxış üçün maneələr yoxdur".

Diplomat Belarus Universal Əmtəə Birjası rəhbərinin qeyri-rezident şirkətlərin akkreditasiyası prosedurlarının sadələşdirilməsi barədə qərarını da dəstəkləyib. O qeyd edib ki, ticarətin əcnəbi iştirakçılarına qarşı belə addım Azərbaycan ilə də birja əmtəə dövriyyəsinin artımına şərait yaradacaq.

Belarus Universal Əmtəə Birjasının İdarə Heyətinin sədri Aleksandr Osmolovski birja ticarətində Azərbaycan şirkətləri tərəfindən alınan məhsulların nomenklaturunu genişləndirməyin vacib olduğunu qeyd edərək deyib:

"Birjada Azərbaycanın 33 şirkəti akkreditasiyadan keçib. Onlar keçən il ərzində 14,2 milyon dollarlıq sövdələşmə həyata keçiriblər ki, bu da 2018-ci illə müqayisədə iki dəfə çoxdur. Əgər taxta-şalbanla yanaşı, məsələn, quru süd, zərdab və ya metal məmulatı da satılarsa, həmin sövdələşmələrin həcmi 3 və ya 4 dəfə çox ola bilər. Bu məhsullara Azərbaycanda tələbat yüksəkdir. Ona görə də zənnimcə, birja ticarətinin potensialından hələ ki, tam istifadə olunmur. Ümidvarıq ki, səfirlik perspektivli əmtəə mövqeləri siyahısının hazırlanmasına, həmçinin Belarus Universal Əmtəə Birjasının Azərbaycanda brokeri ola biləcək layiqli şirkətin axtarışına kömək edəcək. Əgər səylərimizi birləşdirsək, o zaman arzuladığımız nəticələrə nail ola bilərik", - deyə Aleksandr Osmolovski bildirib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: