19:00 2020.06.04

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq dəstək Azərbaycanın tərəfindədir"

Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük və beynəlxalq dəstək Azərbaycanın tərəfindədir.

Xebervar.com bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, Ermənistan tərəfi uzun illərdir ki, danışıqlar prosesini manipulaysiya edir, münaqişənin həll edilməməsi və mövcud status-kvonun saxlanması üçün bütün təxribatlara əl atır:

"Lakin Ermənistan tərəfi anlamır ki, münaqişənin həlli ilə bağlı bütün üstünlüklər Azərbaycanın tərəfindədir və onların status-kvonu saxlamaq cəhdi uzun sürməyəcək. Tarixdən aydın şəkilə bəllidir ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Ermənilər Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. Azərbaycan Xalq Cümhuriyyəti yanlış bir qərar verməklə Azərbaycan torpaqlarının bir hissəsini ermənilərə bağışlayıb və beləliklə də tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb. Bunu sübut edən kifayət qədər tarixi faktlar var.

XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələr də göstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir".

Deputat bildirib ki, hərbi, siyasi və iqtisadi parametrlər üzrə də Ermənistan Azərbaycandan müqayisəolunmaz dərəcədə geridədir: "Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Ermənistanın öz ordusu barəsində uydurduğu mif bir anda məhv oldu. Ermənistan Azərbaycan ordusu qarşısında aciz və çarəsiz qaldı, çıxış yolunu beynəlxalq təşkilatlara yalvarmaqda gördü.

Cənab Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində erməni yalanları dünya ictimaiyyəti qarşısında ifşa olunub. "Valday" Beynəlxalq Diskussiya Klubu və Münxen Təhlükəsizlik Konfransı kimi mühüm toplantılarda da cənab Prezident Azərbaycanın qəti mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Hər iki toplantıda Prezident İlham Əliyev erməni yalanlarını tarixi faktlarla ifşa etdi və "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fəlsəfi fikrini söyləməklə Ermənistan tərəfinin çirkin niyyətlərini alt-üst etdi".

Deputat vurğulayıb ki, Ermənistan anlamalıdır ki, Azərbaycan gec-tez - istər sülh, istərsə də hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək: "Ermənistan tərəfi bunu nə qədər tez anlasa, o qədər yaxşı olar".

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: