19:00 2020.03.25

Hindistanda 21 günlük xüsusi karantin rejimi elan olunub

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə səviyyəsində 21 günlük xüsusi karantin rejimi elan olunub.

Xebervar.com Trend-ə istinadən bildirir ki, ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması hökuməti belə addım atmağa vadar edib. Hökumət vətəndaşlara ciddi səbəb olmadığı halda küçəyə çıxmamağı tövsiyə edib. Baş Nazir Narendra Modi televiziya ilə xalqa müraciətində karantin rejiminin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində çox vacib olduğunu deyib.

"Hindistanı, onun vətəndaşlarını, sizi, ailələrinizi qorumaq üçün hər bir küçə, hər bir məhəllə bağlı saxlanılacaq", - deyən Baş Nazir, xalqı çaxnaşmaya düşməməyə çağırıb və əsas tədarüklərin mərkəzi hökumət tərəfindən təmin ediləcəyini deyib.

Xüsusi karantin rejimi ilə əlaqədar ölkədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub, hava nəqliyyatı isə tamamilə dayandırılıb. Hindistan daha əvvəl beynəlxalq uçuşları məhdudlaşdırmışdı.

Hindistan hökuməti martın 14-də COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib. İndiyədək Hindistanda 562 nəfər virusa yoluxub, 10 nəfər isə bu virus səbəbindən ölüb. Hökumət virus səbəbindən ölənlərin ailələrinə təxminən 5200 ABŞ dolları kompensasiya veriləcəyini açıqlayıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, artıq virus böyük şəhərlərdən orta və kiçik şəhərlərə yayılmağa başlayıb. Mütəxəssislər lazımi addımlar atılmasa, mayın ortalarınadək Hindistanda milyondan çox adamın COVID-19-a yoluxa biləcəyini proqnozlaşdırıb. Hindistanda koronavirusun yayılmasını sürətləndirə biləcək amillərdən biri də bəzi evlərdə dayanıqlı su təminatının olmaması səbəbindən sanitar-gigiyena vəziyyətinin aşağı səviyyədə olmasıdır.

Qeyd edək ki, Hindistanın karantin elan etməsi ilə dünyada COVID-19 pandemiyası ilə əlaqədar karantində olanların sayı 2,6 milyard nəfərə çatıb.

Xebervar.com 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: