12:00 2020.05.17

Qanunu pozmağa sövq edilən gənclərin sonrakı taleyi müxalif düşərgədə heç kəsi narahat etmir - Əsli Kazımova

Xaricdən qrant almaq üçün qanunu pozmağa sövq edilən gənclərin sonrakı taleyi həmin müxalif düşərgədə heç kəsi narahat etmir.

Xebervar.com bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova deyib.

Onun sözlərinə görə, müxalifətçi elektoratın böyük ümidlər bəslədiyi "Milli Şura" artıq çoxdandır öz mənəviyyatlarına və əqidələrinə müxalif davranış nümayiş etdirirlər:

"Bir müxalif qurum ki, hökümətlə dövləti hələ ayırd edə bilməyib, ümumiyyətlə bu haqda danışmağa dəyməz. Hesab edirəm ki, "Milli Şura"da təmsil olunanlar bu günə qədər öz ətraflarına az-çox topladıqları müxalif elektoratı öz əməlləri ilə itirib. Ona görə də Eldəniz Quliyevin istefasına təəccüblənmək lazım deyil. "Milli Şura" bir müxalif qurum kimi öz duruşunu və siyasi çəkisini də itirib. Bilirik ki, bu istefa nə ilkdir, nə də son olacaq.

Radikal müxalifətin ümumiyyətlə, yanaşma tərzi və apardıqları siyasi kurs başdan ayağa qədər səhvlər və yanlışlıqlar üzərində qurulub. "Milli Şura"nın tənəzzülə uğrama səbəblərini sizə deyim: İlk növbədə xalqa olunan böyük sayqısızlıq və onun nümayəndələrindən öz maraqlarına görə sui-istifadə etmək. Həmçinin gəncləri Azərbaycan Respublikasının qanunvericiliyini pozmağa sövq edərək, onların hüquq mühafizə orqanları tərəfindən saxlanması üçün əllərindən gələni edirlər. Saxlanan kimi isə əllərinə bayraq alıb, xaricdən qrant dilənirlər. Sizcə, müharibə şəraitində yaşayan bir dövlətə həmin qrantı verənlər necə baxar? Budur, mənəviyyata xəyanət! Budur, xalqa olunan sayqısızlıq! Demokratiyadan danışan müxalifət gəncləri qanunu pozmağa sövq edirsə, bu, sizcə, demokratik davranışdırmı?

Ağlı başında olan hər kəs bilir ki, bu şüur, bu düşüncə ilə fəaliyyət göstərən müxalifətin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinə təhdid, xalq üçün isə fəlakət deməkdir. Dünyanın hər yerində müxalif qurumlar, müxalifət var. Yəni baxıb öyrənmək ayıb deyil. Öyrənməyib, bilməyib, hökumətlə dövləti bir-birindən ayırd edə bilmədən "müxalifət" olmaq olmur.

Bunlar hökuməti təmsil edən simaları söyməklə, təqqir etməklə və ya kütləni öz maraqları naminə istifadə edərək, küçələrə tökməklə müxalif olduqlarını düşünürlər. Bu, absurd düşüncədir. İnanın mənə, onlarla maraqlanan hər kəs görər ki, xaricdən qrant ala bilmək üçün "Milli Şura" tərəfindən qanunu pozmağa sövq edilən gənclərin sonrakı taleyi həmin müxalif düşərgədə heç kəsi narahat etmir. Bir-iki gün səs-küy salmaları da sadəcə qrant alana qədərdir".

Xebervar.com 

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: