21:30 2020.06.28

Tamam Cəfərova: Azərbaycan COVID-19-la mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir

"Dünya dövlətlərinin pandemiya ilə bağlı daha çox, lokal xarakterli mübarizə apardığı bir dövrdə, Prezident İlham Əliyevin problemin qlobal müstəvidə həll olunmasının təşəbbüskarı kimi çıxış etməsi və bu təşəbbüslərə müsbət reaksiyalar, dövlət başçımızin dünya çapındakı rolunun və dünyadakı liderlik nüfuzunun bariz göstəricisidir".

Xebervar.com Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı Tamam Cəfərova 130-a qədər BMT-yə üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsini şərh edərkən bildirib.

"Əvvəla, qeyd edim ki, "Qoşulmama Hərəkatı" üzv ölkələrinin sayına görə, dünyada BMT-dən sonra ikinci böyük siyasi təşkilatdır və bu təşkilatın sədri olaraq, president İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi təklifinə qısa müddət ərzində 130 ölkənin dəstək verməsi, Azərbaycana və onun Prezidentinə olan etimadın, hörmətin təzahürüdür. O dövlətlər yaxşı bilir ki, Azərbaycan Prezidentinin təklifi pandemiya ilə mübarizəni, beynəlxalq ictimaiyyəti səfərbər etmək baxımından daha mütəşəkkil və daha effektli bir müstəviyə gətirəcək.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi".

Onun sözlərinə görə, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır və zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. 1945-ci ildə BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın fövqəladə sessiyaları çox az sayda keçirilib.

"Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının "Prosedur Qaydaları" adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-dək edilən təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər ölkə təşəbbüsə dəstək verib. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir".

Millət vəkili qeyd edib ki, Ermənistan öz mahiyyətinə uyğun olaraq, bu təklifə qarşı çıxan yeganə ölkə kimi, beynəlxalq müstəvidə özünü növbəti dəfə gülünc vəziyyətdə qoyub: "Əslində, Ermənistanın bu addımı gözlənilən idi. Çünki 30 ilə yaxındır ki, bu ölkə Azərbaycanın beynəlxalq müstəvisdə atdığı addımları, gördüyü işləri, verdiyi təklifləri qaralamaqla məşquldur. Bu üzdən, ermənilərin bu addımı o qədər də təəccüb doğurmadı. Ancaq söhbət insan taleyindən, ümumbəşəri təhlükədən gedirsə, bu cür cılız yanaşma adamda ikrah hissi yaradır. Paşinyan vətəndaşına verdiyi "dəyər"i bir neçə gün əvvəl də ölkəsinin yüksək tribunasından elan etmişdi. O, pandemiyanın hansı istiqamət götürməsindən aslı olmayaraq, iqtisadi problemlərdən yaxa qurtarmaq üçün, iş yerlərinin tam olaraq açılacağını elan etdi. Və bununla da, insan faktorunun ondan ötəri axırıncı dərəcəli olduğunu ortaya qoydu".

Millət vəkili əmindir ki, BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi, virusla mübarizədə beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, koordinasiyalı addımlara stimul verəcək: "Vəziyyətin gedişi göstərir ki, COVİD-19-la mübarizədə səfərbərlik qaçılmazdır. Bunu, sərhədlərini bağlamaqla kifayətlənən, yalnız öz ölkəsini qorumağa çalışan və dünyanın güc mərkəzi hesab olunan ölkələr belə, düşünmək məcburiyyətində qaldılar. Və əminəm ki, bu təşəbbüsün müəllifi olan Cənab İlham Əliyevi dünya ictimaiyyəti uzun illər minnətdarlıqla xatırlayacaq. Bildiyimiz kimi, BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və bir çox dövlətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri pandemiyaya qarşı aparılan qlobal mübarizəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər".

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: